Səhər saat 4-dən sonra PUA-lar Ukraynanın qərbinə çataraq Zakarpatyedə Mukaçyovoya, eləcə də Lvov və Lutsk şəhərlərinə zərbələr endirib. Daha sonra Lvov və Lutsk qanadlı raket hücumlarına da məruz qalıb. Rovno bölgəsinə isə “Kinjal” tipli aeroballistik raketlərlə ən azı dörd zərbə endirildiyi bildirilir. Dubno şəhəri də hücumlar nəticəsində ziyan görüb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, dənizdən buraxılan “Kalibr” raketləri və Tu-95MS bombardmançı təyyarələrindən atılan qanadlı raketlər ölkənin cənubundan qərb istiqamətinə uçub. Raketlərin bir qismi İvano-Frankovsk və Ternopol vilayətlərinə yönəlib.
Mukaçyovo Şəhər Şurası açıqlayıb ki, hücum nəticəsində şəhərdəki müəssisələrdən biri ciddi ziyan görüb, 12 nəfər yaralanıb, anbarlar dağılıb və yanğın baş verib.
|
| Rusiya Ukrayna ərazisinə kütləvi zərbələr endirib | VİDEO |
Bundan başqa, Rusiya gecə saatlarında Zaporojyeyə iki dəfə zərbə endirib. Sənaye infrastrukturu və yaşayış binalarının zədələndiyi bildirilir. İtkilər barədə məlumat dəqiqləşdirilir. Dnepropetrovsk yaxınlığındakı Pavloqradda qazpaylayıcı stansiya vurulub, Sumı vilayətində isə partlayış qeydə alınıb. Ukrayna mənbələri hücumda Rusiyanın Krım ərazisindən “Sirkon” raketlərindən istifadə etmiş ola biləcəyini istisna etmir.
Son günlər Rusiyanın hava hücumlarının intensivləşdiyini vurğulayan Ukrayna prezidenti Volodimir Zelenski Qərb ölkələrini Moskvaya qarşı sanksiyaları gücləndirməyə çağırıb .
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


